Haqqımızda

Vətənimiz Azərbaycanın da yerləşdiyi bölgədə cərəyan edən geosiyasi gəlişmələrlə yanaşı, İran adlanan ölkədə kəskinləşən milli, siyasi və sosial proseslərdə Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin öz milli dövlətçiliyinin bərpası uğrunda başlatdıqları milli hərəkatın önəmi və həlledici rolu bir daha özünü göstərmişdir. Məhz belə bir şəraitdə, Güney Azərbaycan Milli hərəkatının Azərbaycan mərkəzli Milli dövlətçilik düşüncəsini mənimsəyən, Milli dövlətçiliyimizin bərpası uğrunda müstəqil iradə sərgiləyən və məhz bu doğrultuda Milli gücün formalaşdırılmasını hədəfləyən güclü, vahid milli-siyasi təşkilatlanmanın zərurəti ortaya çıxmışdır.

Bu zərurətdən yola cıxaraq 2022-ci ilin ikinci yarısından etibarən bir sıra milli qurum, təşkilat nümayəndələri və şəxsiyyətlərimiz bir araya gələrək, bu doğrultuda təşəbbüs qrupunun yaradılması qərarına gəldilər. Təşəbbüs qrupu daxildə və xaricdə apardığı müzakirə, məsləhətləşmə və razılaşmalar nəticəsində Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (bundan sonra MDŞ) aşağıdakı prinsiplər əsasında yaradılmasını və 12 Dekabr 2022-ci il Mİlli Dövlətçilik günündə elan olunmasını qərarlaşdırdı. Lakin, ümümmilli mənafeyimizi nəzərə alaraq, Təşəbbüs qrupu milli hərəkatda gərəksiz rəqabətə yol verməmək məqsədilə MDŞ-nin həmin tarixdə elan olunmasını təxirə saldı.

Ancaq bu gün hərəkatımızda milli dövlətçilik şüurunun və bu doğrultuda mübarizə əzminin ön plana çıxdığı bir mərhələdə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının öz fəaliyyətinə başlaması təxirəsalınmaz bir zərurətə çevrilmişdir. Bu zərurətdən yola çıxaraq Təşəbbüs qrupu Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırmışdır.